Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının rəhbərlərinə və Sərbəst auditorlara

Hörmətli həmkarlar!

Bildiyiniz kimi Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə təşəbbüsünə ölkəmizdə fəaliyyət göstərən çoxsaylı dövlət qurumları, tədris müəssisələri, sahibkarlar, hüquqi və fiziki şəxslər qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq yardımlar edirlər.

Belə bir təşəbbüsə Azərbaycan Respublikasının Auditorlar Palatası ilə birgə Palatanın üzvü olan bir sıra auditor təşkilatları və sərbəst auditorlar da qoşulmuşdur. Fürsətdən istifadə edərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq yardım edən Auditorlar Palatasının üzvlərinə öz təşəkkürümüzü bildiririk və möhtərəm Prezidentimizin bu təşəbbüsünə hamınızı dəstək verməyə, eyni zamanda hər birinizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahında nəzərdə tutulmuş tələb və tövsiyələrə ciddi riayət etməyə, özünüzü və yaxınlarınızı koronovirus təhlükəsindən qorumaq uçun bütün tədbirləri həyata keçirməyə çağırırıq. Ulu tanrı hər birinizə kömək olsun!

Xahiş edirik ki, nəzərə alasınız. 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası