Azərbaycan Respublikasının Auditorlar Palatasında yeni üzvlüyə qəbul edilmiş şəxslərlə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palatasında yeni üzvlüyə qəbul edilmiş şəxslərlə görüş keçirilmişdir.Görüşü giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq ilk öncə Auditorlar Palatasının üzvlüyünə qəbul edilmiş şəxsləri təbrik etdi və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayaraq qeyd etdi ki, Vətənimizin bu günü və sabahı üçün qanuni iftixar hissi goğuran bütün nailiyyətlər kimi, “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin formalaşıb inkişaf etməsi də bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı illərin sonlarında qəbul edilmiş digər bir sıra fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuşdur. Məhz həmin vəzifələrin həllinə nail olmaq üçün 1998-1999-cu illərdə Azərbaycanda auditin ilk inkişaf konsepsiyası işlənib hazırlanmış, bazar iqtisadiyyatının bu mühim infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Azərbaycanda müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir.
2009-cü ildən başlayaraq ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi daimi diqqət və qayğının nəticəsində audit keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş və onun ölkənin iqtisadi-sosial həyatında rolu və əhəmiyyəti daha da artmışdır. Bunlar, eyni zamanda, ölkə Prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu beynəlxalq audit standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühim vəzifələrin icrası sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyev auditi belə dəyərləndirmişdir.
“Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühim rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.”
“Yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq onun təsirliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir.
Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, maliyyə hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun surətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən Dövlət Proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Ötən dövr ərzində Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri tam yerinə yetirmişdir.
2010-cu il yanvarın 1-dən ölkənin audit sistemində Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılmasını, Auditor xidmətinin inkişafına dair 2020-ci ilə qədər nəzərdə tutulmuş inkişaf Konsepsiyasının işlənib hazırlanmasını və reallaşdırılmasına rəvac verilməsini, Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi nüfuzlu beynəlxalq peşəkar qurumlara tam hüquqlu üzvlüyə qəbul olunmasını, dünyanın 40-a yaxın ölkəsinin audit və mühasibatlıq qurumları ilə işgüzar əlaqələr qurulmasını və digər nailiyyətləri qeyd edə bilirik.
Auditorlar Palatası ötən 25 il ərzində auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən, auditə dair 46 kitab, Ali məktəblər üçün “Audit” dərs vəsaiti-2 nəşr, “Daxili audit” dərs vəsaiti, 43 Milli audit standartları, Beynəlxalq Audit Standartları-2 nəşr, “Audit Qanunvericilik və normativ sənədlər” toplusu – 9 cilddə, “Sahəvi auditlərin aparılmasına dair proqramlar” -4 nəşr hazırlamış, “İqtisadiyyat və audit” jurnalını təsis etmiş, 25 Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirmiş, on səkkizi regionlarda olmaqla 100-dək seminar və dəyirmi masa təşkil etmiş, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirmək əzmindədir.
Hazırda Palatanın nüfuzlu peşə qurumlarında- Beynəlxalq Mühasiblər Federasiyasında (İFAC), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasında, Avropa Mühasiblər və Auditorlar Federasiyasında (EFAA), Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında tamhüququlu üzv kimi təmsilçiliyi, habelə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Fransa, Kanada, Türkiyə, Ruminiya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Estoniya, Litva, Latviya, Moldova, Belarusiya, Makedoniya, Monteneqro, Bolqarıstan və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi sahəsində də böyük işlər həyata keçirilir.
Auditorlar Palatası yerli qurumlarla da səmərəli əməkdaşlıq edir və həmin qurumlarla birgə konfrans, seminar, simpozium, “dəyirmi masa” və digər tədbirlər həyata keçirir. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin 20-dək müəssisə və təşkilatları ilə əməkdaşlıq haqqında saziş, protokol və anlaşma memorandumu imzalanmış, onların iştirakı ilə mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq elmi-praktiki konfranslar, regional seminar-müşavirələr və simpoziumlar keçirilmişdir.
Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin və kölgə iqtisadiyyatının aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Audtorlar Palarasının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr və 2016-cı il 4 aprel tarixli sərəncamları ilə ölkədə auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası işçilərinin və üzvlərinin bir qrupu “Tərəqqi” medalı ilə təltif edilmişdir. Eyni zamanda ölkə Prezidentinin 2020-ci il 6 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Vahid Novruzov möhtərəm Prezidentimizin bu təltifini tək özünə yox, bütövlükdə ölkədə Azərbaycan iqtisadiyyatına, Auditorlar Palatasının əməkdaşlarına və üzvlərinə verilən qiymət kimi dəyərləndirmişdir. Sonra Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov, İcraçı direktor Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov çıxış edərək Auditorlar Palatasının üzvlüyünə qəbul edilmiş şəxsləri təbrik etdilər və öz tövsiyələrini bildirdilər. Onlar ölkəmizdə auditin nüfuzundan danışdılar və bu peşənin bir daha əhəmiyyətini qeyd edərək vurğuladılar ki, üzvlər öz fəaliyyətlərində Beynəlxalq Audit Standartlarının və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi, sahəvi audit proqramlarının tətbiqi, audit üzrə beynəlxalq və qabaqcıl yerli təcrübənin tətbiqi, sahibkarlıq fəaliyyətinə dair normativ hüquqi sənədlərin tətbiqi, peşə etikası norma və standartlarının tətbiqi istiqamətində və beynəlxalq peşəkar qurumların normativ sənədlərinin təminatı ilə bağlı geniş tövsiyələr verdilər. Həmçinin maliyyə (mühasibat), vergi, statistik və.s. hesabatlarının tərtibi və təqdim edilməsi, mühasibat uçotunun qurulmasına dair, auditor xidməti göstərilməsi üzrə müvafiq sənədlərin uçotu, sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatların tərtibi və təqdim edilməsi, vergi bəyannamələrinin tərtibi və təqdim edilməsi, hər il auditorların ixtisasartırma kurslarında və Palatanın təşkil etdiyi tədbirlərdə iştirak etməsi, nəzarət kitabçasının istifadə edilməsi və Palataya ödənilməli olan üzvlük haqqının vaxtında hesablanıb ödənilməsi kimi tövsiyələr verdilər. Üzvlərə informasiya-kommunikasiya texnologiyalarından tətbiqi izah olunmuş, audit sahəsi üzrə kitab, jurnal vəsaitləri ilə təmin edilmiş, eyni zamanda yeni nəşr olunmuş “Peşə Etika Məcələlləsi Standartları” kitabı da öz fəaliyyətlərində istifadə edilməsi üçün onlara təqdim edilmişdir.
Görüşdə ““HN ECONOMY AND TAX SERVICES LLC” MMC-nin direktoru Natiq Şahverdiyev, “Elvi Audit” MMC-nin direktoru Elxan İsmayılov və s. çıxış edərək belə bir tədbirin keçirilməsinə və onların üzvlüyə qəbul edildiklərinə görə Palatanın rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və öz peşəkar fəaliyyətlərində Auditorlar Palatasının imicini daim yüksəkdə saxlayacaqlarını və auditor adına xələl gətirən hərəkətlərə yol verməyəcəklərini bildirdilər.
Sonunda xatirə şəkili çəkildi.


    

Qalareya